Azərbaycan Peşəkar Boks Federasiyasının rəhbər heyətində dəyişiklik edilib. Prezident vəzifəsinə Vüsal Nəsirli, vitse-prezident postlarına isə Tural Mailov və İlkin Ağayev seçiliblər.
Elpress.az xəbər verir ki, federasiyanın yeni prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirlidir. Vitse-prezidentlər isə agentliyin sədr müavini Tural Mailov və əməkdar məşqçi, boks mütəxəssisi İlkin Ağayevdir.
Yeni rəhbərliyin qarşısında federasiyanın fəaliyyətini bərpa etmək, peşəkar boksun inkişafını sürətləndirmək və Azərbaycan idmançılarının beynəlxalq arenadakı mövqeyini gücləndirmək vəzifələri dayanır.
Bu istiqamətdə təşkilati strukturun yenilənməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi, eləcə də qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması planlaşdırılır.


