Qara dənizdə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan iki gəmidən biri batıb. Hadisə zamanı gəmilərdən birində olan 8 Azərbaycan vətəndaşı xilas edilib.
Elpress.az xəbər verir ki, Bolqarıstan Teleqraf Agentliyinin yaydığı məlumata görə, Bolqarıstanın Baş naziri Rumen Radev hadisə ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Gəmidəki 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı daxil olmaqla, 15 nəfərlik heyətin hamısı xilas edilib. Onlardan beşi yüngül xəsarət alıb.
Baş nazirin bildirdiyinə görə, digər gəmi Krapets yaşayış məntəqəsindən 17 dəniz mili aralıda hücuma məruz qalaraq batıb. Həmin gəminin heyət üzvlərindən yalnız bir nəfəri xilas etmək mümkün olub.
Radev ticarət gəmilərinə, xüsusilə Bolqarıstanın ərazi sularının yaxınlığında edilən hücumları yolverilməz adlandırıb. O, həmçinin pilotsuz aparatların mənsubiyyətini müəyyənləşdirmək üçün beynəlxalq dəstək axtarılacağını bildirib. Baş nazir vurğulayıb ki, hazırda Sofiyanın hadisəyə görə hər hansı tərəfi ittiham etməyə əsas verən sübutları yoxdur.


