Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluqda ittiham olunur. Məhkəmə onun və iş üzrə digər şəxs Məmməd Məmmədzadənin barəsində həbs qətimkan tədbiri seçib.
Elpress.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs bir ay müddətinə həbs edilib. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə — külli miqdarda ziyan vurmaqla törədilən dələduzluqda ittiham irəli sürülüb.
İşlə bağlı yayılan əvvəlki məlumatlarda Rüfət Qasımzadə və Məmməd Məmmədzadənin qızıl-zinət əşyalarının satışı adı ilə 317 500 manat vəsait əldə etməkdə şübhəli bilindikləri bildirilib. Həmin məlumatlara əsasən, araşdırma zamanı zərərçəkmişə dəymiş ziyanın məbləği ilə bağlı daha geniş rəqəmlər də açıqlanıb.
Qeyd edək ki, ittiham məhkəmədə sübuta yetirilənədək şəxslər təqsirsiz hesab olunurlar.


