Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı aparan şəxslərdən biri polisə müqavimət göstərərək qaçmağa çalışarkən dərəyə yıxılıb və həyatını itirib. Hadisə ilə bağlı bir nəfər saxlanılıb, digər şəxsin axtarışı isə davam edir.
Elpress.az xəbər verir ki, hadisə oktyabrın 20-də gecə saatlarında baş verib. Polis əməkdaşları ərazidə qızıl axtarmaq məqsədilə qanunsuz qazıntı işləri aparan üç nəfəri müəyyən ediblər.
Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman R. Səfərov qayalıqdan dərəyə düşərək aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə baxış zamanı deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanaraq götürülüb. Eyni zamanda, qanunsuz qazıntıda iştirak edən digər şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumatı təsdiqləyib.


