Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. Oktyabrın 2-si axşam saatlarından başlayacaq yağışların bəzi vaxtlarda leysan xarakterli və intensiv olacağı proqnozlaşdırılır.
Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntılı hava oktyabrın 4-ü səhərədək fasilələrlə davam edəcək. Oktyabrın 3-ü səhər saatlarınadək bəzi ərazilərdə yağışın güclənəcəyi və şimşək çaxacağı ehtimal olunur.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar paytaxt və Abşeronda temperaturun da aşağı düşəcəyi bildirilir. Oktyabrın 3-ü gecə saatlarında temperaturun 14-16, gündüz isə 16-18 dərəcə isti olacağı gözlənilir.
Respublikanın rayonlarında da oktyabrın 2-dən 5-dək havanın qeyri-sabit keçəcəyi, ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi rayonlarında yağıntıların intensiv xarakter alacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşməsi, dağlıq ərazilərdə isə qar yağması mümkündür.
Güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsinin artacağı, Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi, eləcə də Naxçıvanın bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi ehtimal edilir.
Ümumilikdə, qarşıdakı günlərdə ölkə üzrə temperaturun əvvəlki günlərlə müqayisədə 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.


