Xankəndidə mina və partlayıcı sursatların yaratdığı təhlükələr barədə tələbələr üçün maarifləndirici tədbir təşkil olunub. Təlim Qarabağ Universitetində təhsil alan gəncləri əhatə edib.
Elpress.az xəbər verir ki, tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində baş tutub.Layihəyə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu dəstək göstərib, tədbirlər isə Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirilib.Təlim zamanı tələbələrə müxtəlif mina növləri, partlamamış hərbi sursatlar, tələ və sürpriz minaların yaratdığı təhlükələr barədə məlumat verilib. Eyni zamanda təhlükəli əraziləri müəyyən etməyə imkan verən əlamətlər və şübhəli əşya aşkarlandığı zaman görülməli tədbirlər izah olunub.İştirakçılara belə hallarda təhlükəli əraziyə yaxınlaşmamaq, hər hansı şübhəli əşyaya toxunmamaq və dərhal aidiyyəti qurumlara məlumat verməyin vacibliyi çatdırılıb. Təlim interaktiv formada keçirilib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.Layihə rəhbəri Xudaverdi Quliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə məskunlaşma və təhsil prosesinin davam etdiyi bir vaxtda mina təhlükəsi ilə bağlı maarifləndirmənin, xüsusilə gənclər arasında, mühüm əhəmiyyət daşıdığını vurğulayıb.BAMF-ın regional inzibati direktoru Ruslan İbrahimbəyli isə Qarabağ Universitetində bu istiqamətdə növbəti maarifləndirmə tədbirinin keçirildiyini bildirib və tələbələrin fəal iştirakını yüksək qiymətləndirib.Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar təqdim olunub.Qeyd edək ki, Qarabağ Universitetində təşkil olunan tədbirlərlə layihə üzrə nəzərdə tutulan maarifləndirmə işləri yekunlaşıb.
Layihənin əsas məqsədi Ağdam, Ağdərə, Xocalı rayonları və Xankəndidə yaşayan, çalışan və təhsil alan insanların mina təhlükəsi barədə məlumatlılığını artırmaq və mümkün mina hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.


