“Azərsilah” ASC-nin strukturunda fəaliyyət göstərən “Zireh” MMC tərəfindən təqdim olunan “MB-24000” yüksək enerjili lazer sistemi ilə bağlı yeni məlumatlar açıqlanıb. Kompleksin əsas xüsusiyyətləri arasında hava hədəflərinin aşkarlanması və zərərsizləşdirilməsi imkanları yer alır.
Elpress.az xəbər verir ki, bunu “Zireh” MMC-nin rəhbəri Abas Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sistem 24 kilovat gücündədir və 300 metrdən 4 kilometrədək effektiv məsafədə fəaliyyət göstərə bilir.
Abas Quliyev bildirib ki, “MB-24000” xüsusilə yüksəklikdə və yüksək sürətlə hərəkət edən hava obyektlərinin müəyyənləşdirilməsi, izlənməsi və zərərsizləşdirilməsi üçün hazırlanıb.
Kompleksin radar vasitəsilə hədəfləri 8 kilometrədək məsafədən aşkar edə bildiyi qeyd olunub. Sistem, həmçinin süni intellekt əsaslı avtomatik izləmə texnologiyası ilə təchiz edilib.
Bundan əlavə, kompleksdə gündüz və termal kameralar da istifadə olunur. Bildirilib ki, sistemin kiçik ölçülü hədəfləri təxminən 3-4 kilometr məsafədən aşkarlaması və zərərsizləşdirməsi ilə bağlı sınaqlar keçirilib.


