Milli Məclisin deputatı Məzahir Əfəndiyevin yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cərimələri ilə bağlı məhkəməyə göndərilən doqquz inzibati işə xitam verilib.
Elpress.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi deputatın toxunulmazlığını əsas götürərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. İşlərə hakim Rauf Daşdəmirov baxıb.
Məlumata görə, ilk işə 2026-cı il fevralın 10-da, sonuncusuna isə oktyabrın 7-də xitam verilib. Qərarlarda deputatın adı açıqlanmasa da, onun 1976-cı ildə Ağdaş rayonunda doğulduğu və Milli Məclisin üzvü olduğu göstərilib. Bu məlumatlar Məzahir Əfəndiyevin parlamentin rəsmi saytındakı bioqrafiyası ilə üst-üstə düşür.
İşlər İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokollar əsasında araşdırılıb. Həmin maddə qanuni qüvvəyə minmiş yol cəriməsinin üç ay ərzində üzrsüz səbəbdən ödənilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.
Məhkəmə qərarlarında Konstitusiyanın 90-cı maddəsinə istinad edilib. Həmin maddəyə əsasən, deputatın səlahiyyət müddətində onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz.
Məlumata əsasən, doqquz işdən dördü 2025-ci ildə, beşi isə 2026-cı ildə tətbiq edilmiş yol cərimələri ilə bağlı olub. Cərimələrin ümumi məbləği, konkret pozuntuların xarakteri və onların sonradan ödənilib-ödənilmədiyi açıqlanmayıb.
Konstitusiyaya görə, deputatın toxunulmazlığına yalnız baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər.


