Azərbaycan və Şimali Makedoniya enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər. Tərəflər qlobal enerji bazarında yaranmış vəziyyəti və mövcud problemlərin həlli yollarını müzakirə ediblər.
Elpress.az xəbər verir ki, oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Siljanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Danışıq zamanı dünya enerji sektorundakı mövcud vəziyyət, qarşıya çıxan çağırışlar və onların aradan qaldırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Qordana Siljanovska-Davkovanın Azərbaycana rəsmi səfəri də xatırlanıb. Həmin səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfə vurğulanıb.
Dövlət başçıları enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.


