Ali Məhkəmə qızına qarşı uzun müddət zorakılıq edən kürəkənini öldürməkdə təqsirləndirilən şəxsin əməlini yenidən tövsif edib. Onun 9 il 6 aylıq həbs cəzası 1 il 6 aya endirilib və cəza müddətini çəkmiş hesab olunduğundan məhkəmə zalından azad edilib.
Elpress.az xəbər verir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası hadisənin hallarını araşdıraraq əməlin Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə — zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə maddəsinə tövsif edilməsinə qərar verib.
İş materiallarına görə, təqsirləndirilən şəxsin qızı uzun müddət həyat yoldaşının fiziki və mənəvi zorakılığına məruz qalıb. 2024-cü il yanvarın 18-də qadın yenidən döyülüb, kəllə-beyin travması və digər xəsarətlər alıb. O, azyaşlı övladı ilə evdən qaçaraq mağazada gizlənib və atasından kömək istəyib. Ata qızını və nəvəsini evinə aparıb, səhhəti pisləşən qızını isə xəstəxanaya yerləşdirib.
Həmin gün kürəkən qayınatasının yaşadığı evə gəlib. Məlumata görə, o, qayınatasına qarşı zorakılıq göstərib, bıçaqla hücum edərək baş nahiyəsindən xəsarət yetirib. Qarşıdurma zamanı qayınata bıçağı onun əlindən alsa da, kürəkən yumruq və təpik zərbələri ilə hücumunu davam etdirib. Qayınata bıçaqla ona dörd xəsarət yetirib. Onlardan üçünün həyat üçün təhlükəli olduğu, nəticədə kürəkənin kəskin qan itirmədən öldüyü bildirilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 2025-ci il mayın 12-də təqsirləndirilən şəxsi qəsdən adam öldürməyə görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sumqayıt Apellyasiya Məhkəməsi də 2026-cı il fevralın 26-da hökmü dəyişdirmədən saxlayıb.
Ali Məhkəmə isə hesab edib ki, qayınatanın bıçağı kürəkəninin əlindən alması hücumun başa çatması demək deyil. Kürəkənin zorakılığı davam etdirməsi, tərəflərin fiziki imkanları və hadisənin başvermə şəraiti zəruri müdafiə vəziyyətinin qiymətləndirilməsində nəzərə alınmalıdır.
Bununla belə, məhkəmə bıçaqla dörd xəsarətin yetirilməsini müdafiə həddinin aşılması kimi qiymətləndirib. Cəza müəyyən edilərkən təqsirləndirilən şəxsin könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsi, təqsirini etiraf etməsi, istintaqa kömək göstərməsi və zərərçəkmişin hüquqi varisi ilə barışması yüngülləşdirici hallar sayılıb.
Cəza müddəti 2024-cü il yanvarın 18-dən hesablandığı üçün 1 il 6 aylıq həbs müddətini çəkmiş hesab edilən şəxs məhkəmə zalından dərhal azad olunub.


