Paytaxtda müasir incəsənəti, mədəni irsi və yaradıcı layihələri bir araya gətirən “Baku Art Weekend” festivalına start verilib.
Elpress.az xəbər verir ki, “Fly to Baku. Art Weekend. Sense the Future NOW” adlı tədbirin rəsmi açılışı oktyabrın 30-da Heydər Əliyev Mərkəzində baş tutub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Alyona Əliyeva iştirak ediblər.
Festival çərçivəsində paytaxtın müxtəlif məkanlarında sərgilər, incəsənət layihələri, performanslar və müzakirələr təşkil olunur. Proqramda yerli və xarici rəssamların əsərləri, instalyasiyalar və heykəltəraşlıq nümunələri təqdim edilir.
Bu ilki proqramın əsas mövzularından biri Qafqazın biomüxtəlifliyi və “Böyük beşlik” konsepsiyasıdır. Ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və imperator qartalı incəsənət layihələri vasitəsilə təbiət, mədəni yaddaş və kimlik mövzuları ilə əlaqələndirilir.
Festival oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək. Tədbirlər şəhərin bir sıra muzey, qalereya və mədəniyyət məkanlarını əhatə edir.
Qeyd edək ki, “Baku Art Weekend” ilk dəfə 2025-ci ildə keçirilib.


