Magistratura, rezidentura və doktorantura təhsilini uğurla başa vuran zabitlər növbəti hərbi rütbəni daha tez ala biləcəklər.
Elpress.az xəbər verir ki, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarının sifarişi ilə magistratura və ya rezidentura təhsilini bitirən, eləcə də doktoranturada təhsilini başa vuraraq elmi dərəcə alan zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.
Bu güzəşt ali təhsilin qeyd olunan səviyyələrinin hər biri üzrə yalnız bir dəfə tətbiq ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanunvericilik hərbi xidmət zamanı yüksək nəticələr göstərən və nümunəvi xidmət edən hərbi qulluqçuların həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti rütbə almasına da imkan verir.


