Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyadakı törəmə şirkəti “Italiana Petroli” (IP) ölkə üzrə yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarını açıqlayıb.
Məlumata görə, “Eni” şirkətinin analoji addımından sonra IP şəbəkəsində də benzin və dizel yanacağının qiymətlərinə müəyyən hədd tətbiq olunacaq.
İtaliyanın Baş naziri Corcia Meloni qərarı iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkürünü bildirib.
Meloni qeyd edib ki, yanacaq qiymətlərinin məhdudlaşdırılması İtaliyada ailələrin artan yanacaq xərclərinin azaldılmasına dəstək məqsədi daşıyır.
SOCAR daha əvvəl IP-nin yanacaqdoldurma şəbəkəsində benzin və dizel qiymətlərinə limit tətbiq etməyə hazır olduğunu açıqlamışdı. Şirkətin bildirdiyinə görə, qiymət həddi müəyyən edilərkən minlərlə operatorun iştirak etdiyi təchizat zəncirinin davamlı fəaliyyətinin qorunması da nəzərə alınacaq.
Şirkət bu addımın İtaliya hökumətinin qlobal təchizat zəncirlərinə təsir göstərən geosiyasi qeyri-sabitlik fonunda yüksək yanacaq qiymətləri ilə üzləşən ailə və bizneslərə dəstək çağırışına cavab olduğunu vurğulayıb.
Yeni qiymət məhdudiyyətlərinin əvvəlcə “Italiana Petroli” şəbəkəsində tətbiq olunacağı, daha sonra isə mərhələli şəkildə genişləndiriləcəyi bildirilib.


