Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində müxtəlif taktiki tapşırıqlar icra olunub.
Elpress.az xəbər verir ki, təlim çərçivəsində üç ölkənin hərbi qulluqçuları birlikdə fəaliyyət göstərərək qarşılıqlı uzlaşma və koordinasiya bacarıqlarını təkmilləşdiriblər.
Təlim iştirakçıların praktiki vərdişlərinin inkişaf etdirilməsi, peşəkar hazırlığının artırılması və birgə fəaliyyət zamanı əldə olunan təcrübənin bölüşdürülməsi baxımından əhəmiyyət daşıyır.
“Birliyin Gücü – 2026” təliminin əsas mərhələləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılqaya Təlim Mərkəzində, Naxçıvanda və Xəzər dənizinin Azərbaycan ərazisinə aid akvatoriyasında təşkil olunub. Təlimə şəxsi heyətlə yanaşı, döyüş texnikası, aviasiya və dəniz vasitələri, eləcə də pilotsuz uçuş aparatları cəlb edilib.
Oktyabrın 1-də Xocavənddə təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü” də keçirilib. Tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Təlimin keçirilməsi Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının birgə fəaliyyət imkanlarının artırılması və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.


