Bakının Moskva prospektində yerləşən, “Şamaxinka” kimi tanınan ərazidə bəzi avtobus marşrutlarının dayanacaq məntəqəsi dəyişdiriləcək.
Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Məlumata əsasən, ərazidə müntəzəm marşrut xətləri üzrə nəqliyyatın daha səmərəli təşkili məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli avtobuslar hazırda istifadə etdikləri dayanacaqdan çıxarılacaq.Sözügedən marşrutlarla hərəkət edən sərnişinlər alternativ olaraq “Azərbaycanfilm Kinostudiyası” dayanacağından istifadə edə biləcəklər.Eyni zamanda, “Şamaxinka” ərazisində mövcud dayanacaq sistemi yenidən təşkil olunacaq. Dayanacaq məntəqəsi üç hissəyə bölünəcək və hər bir hissə sərnişinlər üçün aydın nişanlarla işarələnəcək.AYNA-nın bildirdiyinə görə, dəyişikliklərin əsas məqsədi dayanacaq ətrafında avtobusların yaratdığı əlavə sıxlığı azaltmaq və nəqliyyatın hərəkətini daha səmərəli təşkil etməkdir.
Qurum qeyd edib ki, ərazidə sərnişin tələbatının artması nəzərə alınaraq nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə marşrutların optimallaşdırılması, eləcə də ehtiyac yarandığı halda əlavə avtobusların xəttə cəlb olunması nəzərdə tutulur.


