Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polisin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında həyata keçirilən fəaliyyətlərlə tanış olub.
Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova bölmənin fəaliyyəti, ön əməliyyat bazasında yaradılan şərait və qoşun xidmətinin təşkili barədə məlumat verib.
Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb. Bu fəaliyyətlərin əsas məqsədlərindən biri sülhməramlı əməliyyatlar zamanı qarşılıqlı fəaliyyət imkanlarının təmin edilməsidir.Rəhbər heyət bölmənin ərazisində yaradılmış şəraitlə tanış olub. Yataqxana, idman və atəş hazırlığı şəhərcikləri, mühəndis, kəşfiyyat və sürücülük hazırlığı üzrə təlim mərkəzləri, həmçinin hərbi texnika nəzərdən keçirilib.Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi cari ilin oktyabrında keçirilməsi planlaşdırılan NATO-nun Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq məqsədilə aparılan döyüş hazırlığı prosesini izləyib.Müdafiə naziri Zakir Həsənov hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub və bölmənin ərazisində xatirə ağacları əkilib.


