Azərbaycanda məktəblilərin geyim qaydaları ətrafında yaranan insidentlərlə əlaqədar bir sıra şəxslər inzibati məsuliyyətə cəlb edilib.
Elpress.az xəbər verir ki, hadisələrin əsas hissəsi Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb. Ceyranbatan qəsəbəsində, eləcə də Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da oxşar hallar baş verib.
Məlumata görə, saxlanılan şəxslərdən bəziləri vahid məktəbli forması ilə bağlı qanunsuz aksiyalara çağırış etməkdə, digərləri isə təhsil müəssisələrində ictimai asayişi pozmaqda ittiham olunur.
Polis tədbirləri nəticəsində saxlanılan şəxslər barəsində protokollar tərtib edilib. Məhkəmə qərarları ilə onların bir neçəsi 10 gün, 25 gün və bir ay müddətinə inzibati qaydada həbs olunub.
Saxlanılan şəxslərin törətdikləri əməllərdən peşman olduqlarını bildirdikləri qeyd olunur.


