Dövlət qulluğunda çalışan şəxslərin vəzifələrini davam etdirməsi üçün yenidən sertifikat almaq məqsədilə imtahan verməsi tələb olunmayacaq.
Elpress.az xəbər verir ki, bu müddəa Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilən Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluğuna qəbul zamanı sertifikat tələbi saxlanılır. Lakin qulluğun davam etdirilməsi üçün sertifikat imtahanı nəzərdə tutulmur. Dövlət qulluqçularının fəaliyyəti yeni qiymətləndirmə mexanizmi əsasında dəyərləndiriləcək.
Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna əsasən, dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikatın qüvvədəolma müddətinin son ilində növbəti sertifikatı almaq üçün imtahanda iştirak etməlidirlər.
Yeni məcəllənin layihəsində isə fəaliyyətin davam etdirilməsi ilə bağlı belə bir imtahan tələbi yer almayıb. Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


