Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.
Elpress.az xəbər verir ki, oktyabrın 27-də Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqi müzakirə olunub.
Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi və dövlət idarəçiliyində şəffaflığın artırılması baxımından əhəmiyyətini vurğulayıb. O, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
İclasda Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğızıstan, Liviya, Livan, Sudan, İordaniya və digər üzv dövlətlərin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı qətnamə layihələri nəzərdən keçirilib və bir sıra məsələlər üzrə razılıq əldə olunub.
Tədbir oktyabrın 28-də Bakıda keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq məqsədi daşıyıb.


