İrandan Azərbaycana pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Elpress.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik qaçaqmalçılığı sxemi üzə çıxarılıb.
Məlum olub ki, İran vətəndaşı dron vasitəsilə Biləsuvar rayonunda, Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığına narkotik vasitələr göndərib. Həmin maddələri ərazidən götürərək sonradan satışını təşkil etmək istəyən Azərbaycan vətəndaşları Rüfət Bayram oğlu Bədəlov və Rüstəm Əli oğlu Muxtarov saxlanılıblar.
Əməliyyat zamanı onlardan ümumilikdə 14 kiloqram 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23,1 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


