“ASAN xidmət” modeli Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi mühüm yeniliklərdən biri kimi beynəlxalq miqyasda maraq doğurur. Bu təcrübə artıq bir sıra ölkələrdə tətbiq olunur və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə verir.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.
Dövlət başçısı bildirib ki, “ASAN xidmət” dövlət-vətəndaş münasibətlərində keyfiyyətcə yeni mərhələnin formalaşmasına şərait yaradıb. Bu gün həmin model yalnız müasir idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir.
Prezidentin sözlərinə görə, “ASAN xidmət” təcrübəsinin 50-dən çox ölkə ilə paylaşılması və müxtəlif dövlətlərdə uğurla tətbiq edilməsi onun səmərəli institusional model olduğunu təsdiqləyir.


