Artıq çəkidən qurtulmaq üçün istifadə olunan arıqlama iynələri bu dəfə kosmetik təsirləri ilə gündəmə gəlib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qısa müddətdə sürətlə çəki itirmək insanın üz görünüşünə ciddi təsir göstərə, onu olduğundan daha yaşlı göstərə bilər.
Elpress.az xəbər verir ki, bu barədə türkiyəli dermatoloq professor Özlem Su Küçük açıqlama verib. Onun sözlərinə görə, piylənmə və diabetin müalicəsində istifadə edilən GLP-1 qrupuna aid preparatlarla sürətlə arıqlayan şəxslərdə üz nahiyəsində nəzərəçarpan dəyişikliklər yarana bilər.
Dermatoloqun sözlərinə görə, həftədə bir kiloqramdan artıq çəki itirmək üz quruluşunda nəzərəçarpan dəyişikliklərə yol aça bilər. Bu zaman almacıq sümükləri daha qabarıq görünür, gözaltı nahiyə çökür, yanaqların həcmi azalır, üz və boyun dərisində sallanma yaranır.
Mütəxəssis bu vəziyyətin əzələ kütləsinin azalması ilə də əlaqəli ola biləcəyini bildirib. Nəticədə üz cizgiləri dəyişir, qırışlar daha nəzərəçarpan olur və insan olduğundan daha yaşlı görünə bilər.
Bu dəyişikliklər tibbdə sosial mediada məşhurlaşan “Ozempic üzü” ifadəsi ilə də tanınır. Mütəxəssislər isə problemin yalnız dərmanların özündən deyil, əsasən sürətli və kəskin çəki itkisindən qaynaqlandığını vurğulayırlar.
Özlem Su Küçük kosmetik müdaxilələrə, xüsusilə dolğu prosedurlarına marağın artdığını da qeyd edib. O, belə prosedurlara qərar verməzdən əvvəl dermatoloqla məsləhətləşməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, üz dərisindəki bu dəyişikliklər yalnız arıqlama iynələrindən istifadə edənlərdə deyil, piylənmə əməliyyatı keçirərək qısa müddətdə çox çəki itirən şəxslərdə də müşahidə oluna bilər.


