Azərbaycanda fərdi qaydada kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni vergi mexanizminin tətbiqi nəzərdə tutulur. Təklifə əsasən, kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcəklər.
Elpress.az xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Qanun layihəsi 2027-ci ilin büdcə zərfinə daxildir.
Yeni qayda muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxslərə şamil olunacaq. Onlar üçün sadələşdirilmiş verginin aylıq sabit məbləğ əsasında hesablanması təklif edilir.
Təklifin əsas məqsədi kuryer sektorunda fəaliyyətin rəsmiləşdirilməsini təşviq etmək, vergi uçotunu sadələşdirmək və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.
Hazırda kuryerlər sifarişləri avtomobil, motosiklet, velosiped və skuterlərlə çatdırırlar. Layihədə qeyd olunur ki, bu sahədə çalışanların bir qismi hesabatlılıq və gəlir-xərc uçotu ilə bağlı inzibati çətinliklər səbəbindən qeyri-rəsmi fəaliyyət göstərir.


