Azərbaycanda konsert biletlərinə görə ödənilən ƏDV-nin geri qaytarılması imkanının genişləndirilməsi təklif olunur. Yeni dəyişiklik qəbul edilərsə, güzəşt yalnız simfonik musiqi tədbirləri ilə məhdudlaşmayacaq.
Elpress.az xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.
Təklifə əsasən, “ƏDV geri al” mexanizminin bütün konsert növlərinə şamil edilməsi nəzərdə tutulur. Hazırda tətbiqin yalnız simfonik orkestr konsertlərini əhatə etməsi digər musiqi istiqamətləri üçün eyni imkanların yaradılmasına maneə kimi qiymətləndirilir.
Dəyişikliyin əsas məqsədi musiqi və sənət sektorunda bərabər imkanlar yaratmaq, müxtəlif janrlarda təşkil olunan konsertlərə marağı artırmaqdır. Eyni zamanda, daha geniş auditoriyanın mədəni tədbirlərdə iştirakının təşviq edilməsi gözlənilir.
Qeyd edək ki, təklifin qüvvəyə minməsi üçün Vergi Məcəlləsinə dəyişikliklərin qanunvericilik qaydasında qəbul edilməsi tələb olunur.


