Hindistanın zikhlərin milli və dini kimliyini zəiflətməyə çalışdığı iddia olunub.
Elpress.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Moninder Sinqh Bakıda keçirilən “İyun 1984-cü il, Amritsardakı hadisələr: soyqırımı kontekstində Hindistanın etnik azlıqlara qarşı transnasional repressiyaları” mövzusunda beynəlxalq konfransda səsləndirib.Beynəlxalq Zikhlər Federasiyasının sədri bildirib ki, Hindistan dövlətinin siyasəti zikhlərin xalq olaraq ya fiziki məhvinə, ya da assimilyasiyasına yönəlib. Onun sözlərinə görə, bu proses dilin, mədəniyyətin, irsin və dini dəyərlərin sıradan çıxarılmasına hesablanıb.Moninder Sinqh qeyd edib ki, zikhlər belə yanaşmanı qəbul etməyəcək və öz kimliklərini qorumaq uğrunda mübarizəni davam etdirəcəklər.O, həmçinin Bakıdakı konfransın beynəlxalq əməkdaşlığın genişlənməsinə, müxtəlif cəmiyyətlər arasında əlaqələrin möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verdiyini vurğulayıb.Federasiya rəhbəri son aylarda təşkilat nümayəndələrinin bir neçə dəfə Azərbaycana səfər etdiyini xatırladaraq, burada yüksək səviyyədə qarşılandıqlarını və müxtəlif qurumlarla açıq dialoq aparmaq imkanı əldə etdiklərini bildirib. O, xüsusilə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.



