Elpress.az xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir mübahisə məhkəmə müstəvisinə çıxıb.
Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu “İntermedservis” MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova “Qafqazinfo”ya müraciət edərək klinikanın idarəçiliyindən uzun müddət kənarda saxlanıldığını və mülkiyyət hüquqlarının pozulduğunu iddia edib.
Səfərovanın sözlərinə görə, 2017-ci ildə həyat yoldaşı Samir Allahverdiyev klinikanın idarəçiliyindən uzaqlaşdırılıb, özü isə şirkətin payçısı kimi müəssisənin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat əldə etmək imkanından məhrum olub.
Sahibkar iddia edib ki, bu vəziyyət 2025-ci ilin noyabrına qədər davam edib. Onun bildirdiyinə görə, həmin tarixdən sonra klinikanın idarəçiliyi yenidən ailəsinə qaytarılıb.
Səfərovanın sözlərinə görə, klinika geri qaytarıldıqdan sonra müəssisənin 600 min manatdan artıq borcu, böyük həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemləri olduğu müəyyənləşib. O, hazırda klinikanın fəaliyyətinin bərpası və mövcud öhdəliklərin yerinə yetirilməsi istiqamətində iş aparıldığını bildirib.
Qeyd edək ki, bunlar sahibkar Nərminə Səfərovanın səsləndirdiyi iddialardır. Qarşı tərəfin mövqeyi barədə məlumat verilməyib.


