Elpress.az xəbər verir ki, son illərdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli geosiyasi dəyişikliklər, münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin effektivliyinin azalması region ölkələrinin təhlükəsizliyi və sabitliyi məsələsini daha da aktuallaşdırıb.
Belə mürəkkəb geosiyasi şəraitdə Türk Dövlətləri Təşkilatının (TDT) rolunun və beynəlxalq nüfuzunun artması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-yə üzv dövlətlərin təhlükəsizlik məsələləri üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər də təşkilatın gələcək inkişaf istiqamətlərinə və Azərbaycanın xarici siyasət prioritetlərinə diqqəti bir daha artırıb.Azərbaycan dövlət başçısının dəfələrlə vurğuladığı kimi, türk dünyası Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. TDT-ni digər beynəlxalq platformalardan fərqləndirən əsas xüsusiyyətlərdən biri isə üzv dövlətlər arasındakı əlaqələrin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmaması, ortaq tarixi, dil, mədəniyyət və mənəvi bağlara əsaslanmasıdır.2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən etibarən təşkilatın inkişaf yolu türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndiyini göstərir. Bu proses siyasi və iqtisadi əlaqələrlə yanaşı, qarşılıqlı inteqrasiyanın dərinləşməsinə və təşkilatın beynəlxalq müstəvidə daha görünən aktora çevrilməsinə şərait yaradıb.Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinə dair imzaladığı sənədlər ikitərəfli əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir. Birgə investisiya fondlarının yaradılması, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat və logistika imkanları da dövlətlərin ümumi təhlükəsizlik arxitekturasının mühüm elementləri hesab olunur.
Türk dövlətlərinin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, zəngin təbii ehtiyatlara malik olması və mühüm enerji-nəqliyyat marşrutlarının üzərində qərar tutması bu ölkələrin regional və beynəlxalq proseslərdə əhəmiyyətini artıran əsas amillər sırasında yer alır.


