Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciəti təmin edilib
Elpress.az xəbər verir ki, Ombudsman Aparatı ağır cinayətlərə görə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən bəzi erməni əsilli şəxslərin hüquqlarının pozulması ilə bağlı yayılan iddialara münasibət bildirib.Aparatın məlumatına görə, Milli Preventiv Mexanizm çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla istintaq və məhkəmə prosesləri zamanı, eləcə də məhkumluq dövründə görüşlər keçirilib. Onların hüquqlarının təmin olunması, saxlanma şəraiti və onlarla rəftar vəziyyəti mütəmadi şəkildə monitorinq edilib.Monitorinqlərin beynəlxalq standartlara uyğun aparıldığı bildirilib. Başçəkmələr zamanı məhkumlara hüquqları ana dillərində izah olunub, səhhətləri Milli Preventiv Qrupun həkim üzvü tərəfindən yoxlanılıb. Onların tələblərinə uyğun olaraq müxtəlif nəşrlər, qanunvericilik aktları və bədii ədəbiyyat nümunələri də təqdim edilib.Məhkumların Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət etmək imkanlarının olduğu və daxil olan müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxıldığı qeyd olunub.Açıqlamada həmin şəxslərin saxlanıldığı müəssisələrdə şəraitin müasir standartlara uyğun olduğu və onlara qarşı ayrı-seçkiliyə yol verilmədiyi bildirilib. Məhkumların idmanla məşğul olmaq, gəzinti və asudə vaxtlarını keçirmək, informasiya əldə etmək, həmçinin ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq hüquqlarının təmin edildiyi vurğulanıb.Bildirilib ki, məhkumlar cəzaçəkmə müəssisələrinə köçürülərkən hesablarında vəsaitin olmaması onların ailələri ilə telefon danışığı və digər imkanlardan istifadəsini məhdudlaşdırmayıb.Həmçinin məhkumların notariat və tibbi xidmətlərlə bağlı müraciətlərinin təmin edildiyi açıqlanıb. Son olaraq Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciətinin icra olunduğu və prosesin Ombudsmanın Milli Preventiv Qrupunun əməkdaşları tərəfindən yerində müşahidə edildiyi bildirilib.Aparat əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqlarının təşkili, həmçinin məhkumların və vəkillərinin dövlət qurumlarına ünvanladığı müraciətlərin də təmin edildiyini qeyd edib.Ombudsman Aparatı monitorinqlərin nəticələrinə əsasən ağır cinayətlərə görə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən şəxslərin hüquqlarının ayrı-seçkiliyə yol verilmədən təmin olunduğunu bildirib.Açıqlamada internet resurslarında həmin şəxslərin adından yayılan hüquq pozuntuları ilə bağlı iddiaların əsassız olduğu və həqiqəti əks etdirmədiyi qeyd edilib.


