Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində xidmət-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazir döyüş mövqelərində xidmət aparan şəxsi heyətlə görüşüb, onların qayğı və təklifləri ilə maraqlanıb.
Bildirilib ki, hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili, eləcə də bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Nazirliyin rəhbərliyinə hərbi hissələrin mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının mümkün təhdidlərinə qarşı dayanıqlı mühəndis-fortifikasiya qurğularının hazırlanması barədə də məlumat verilib.Daha sonra müdafiə naziri təlim poliqonunda olub. Burada bölmələrin döyüş hazırlığı planlarına uyğun təlim və məşqlərin real döyüş şəraitinə yaxın formada keçirilməsi imkanları nümayiş etdirilib.
Sonda Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin artırılması, həmçinin silah və hərbi texnikadan səmərəli istifadənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.


