162 kilometrlik dəmir yolu layihəsinin Rusiya ilə birgə həyata keçirilməsi məsələsinə yaxın aylarda qərar veriləcək
Elpress.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılaşmanın təsdiqlənməsi gözlənilir.İranın yol və şəhərsalma nazirinin müavini Hoşəng Bazvənd bildirib ki, Rəşt-Astara marşrutu üzrə 162 kilometrlik ərazidə torpaqların alınması prosesi artıq başa çatıb.Onun sözlərinə görə, torpaqların alınması məsələsi Rusiya tərəfinin layihə ilə bağlı əsas narahatlıqlarından biri olub. Moskva bu proses başa çatdıqdan sonra layihənin icrasına başlanılacağını bildirib.Bazvənd qeyd edib ki, Rusiya layihə üzrə icra müqaviləsinin imzalanması üçün müvafiq razılaşmanın İran parlamenti və ya Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsini istəyib.Hazırda məsələ Ali Milli Təhlükəsizlik Şurasında təsdiq mərhələsindədir. Nazir müavininin sözlərinə görə, Şura yaxın bir neçə ay ərzində layihənin Rusiya ilə birgə həyata keçirilməsi, yaxud İran tərəfindən icra olunması ilə bağlı qərar qəbul edə bilər.İran tərəfinin əsas məqsədinin razılaşmanın təsdiqlənməsindən sonra Rusiya ilə birlikdə Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə başlamaq olduğu bildirilib.


