Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elpress.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmasında Moldova təmsilçisi Aleksandrin Qutunu 8:3 hesabı ilə üstələyərək dünya çempionu adını qazanıb.
Bununla da Süleymanov böyüklər arasında dünya çempionatında ilk qızıl medalını əldə edib.
Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli də yarışda dünya çempionu olub. O, 55 kiloqram çəki dərəcəsinin finalında İran təmsilçisini məğlub edərək karyerasında beşinci dəfə dünya çempionluğu qazanıb.
Qeyd edək ki, güləş üzrə dünya çempionatı noyabrın 1-dək davam edəcək.


