Kitab sərgilərində elmi və elmi-kütləvi nəşrlərin təbliğinin gücləndirilməsi, eləcə də kitabların rəqəmsal formatlarda təqdim olunması gənclərin mütaliəyə marağını artıra bilər.
Elpress.az xəbər verir ki, bu barədə teleaparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı fikirlərini bölüşərkən bildirib.
Onun sözlərinə görə, sərgilərdə bədii ədəbiyyatla yanaşı, elmi nəşrlərə də daha çox yer ayrılmalıdır. Xüsusilə mürəkkəb elmi və ictimai mövzuların gənclər üçün komiks formasında hazırlanması məlumatların daha anlaşıqlı çatdırılmasına kömək edə bilər.
Əlibəyli hesab edir ki, müasir dövrdə kitabların yalnız çap variantında təqdim edilməsi kifayət deyil. Rəqəmsal və interaktiv həllərdən, virtual təqdimatlardan istifadə etməklə daha geniş oxucu auditoriyasına çatmaq mümkündür.
Teleaparıcı həmçinin gənclərin sosial media vərdişlərinin nəzərə alınmasını və kitabların tanıdılması üçün yeni layihələrin hazırlanmasını vacib sayıb.


