Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyin inkişafında və ölkənin gələcək uğurlarının təmin olunmasında mühüm rol oynayıb. Onun müəyyən etdiyi strateji xətt nəticəsində Azərbaycan sabitlik və inkişaf yolu keçərək Böyük Zəfərə aparan mühüm tarixi nailiyyətlər əldə edib.
Azərbaycanın zəngin dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyət yolu xüsusi və əvəzolunmaz yer tutur. O, Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif mərhələlərində – həm sovet dövründə, həm də müstəqillik illərində ölkənin taleyində mühüm rol oynayan böyük siyasi şəxsiyyət kimi tanınıb. Heydər Əliyev bütün fəaliyyəti boyunca xalqın gələcəyini, dövlətin inkişafını, milli maraqların qorunmasını və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsini əsas məqsəd kimi qarşıya qoyub.Ulu Öndər yaxşı anlayırdı ki, güclü dövlət quruculuğu yalnız siyasi iradə ilə deyil, həm də xalqın tarixi yaddaşına, milli dəyərlərinə və dövlətçilik ənənələrinə söykənir. Onun həyata keçirdiyi siyasətin əsasını xalqla dövlət arasında möhkəm birlik yaratmaq, Azərbaycanın müstəqilliyini qorumaq və ölkənin davamlı inkişafını təmin etmək təşkil edirdi. Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ən mühüm və məsuliyyətli mərhələsi isə müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərlə bağlıdır.Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədovanın “Qurtuluşdan Böyük Zəfərə: Müdrik siyasətin uğurlu nəticələri” adlı məqaləsində öz əksini tapıb.Heydər Əliyevin 1990-cı ildə Azərbaycana qayıdışı ölkənin tarixində mürəkkəb və həlledici bir dövrə təsadüf edirdi. Həmin illərdə respublikada siyasi böhran, iqtisadi çətinliklər və təhlükəli ictimai proseslər hökm sürürdü. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət ərzində fəal siyasi fəaliyyətə başlayaraq xalqın böyük dəstəyini qazandı.1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının böyük əksəriyyətinin səsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən qarşıda duran ən vacib məsələlərdən biri Ermənistanın hərbi təcavüzünün qarşısının alınması və Azərbaycanın ərazi bütövlüyünün qorunması idi. Həmin dövrdə torpaqlarımızın təxminən 20 faizi işğal altında idi, cəbhə bölgələrində ağır döyüşlər davam edir, ölkə ciddi təhlükələrlə üz-üzə qalırdı.Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində siyasətini iki əsas istiqamət üzrə formalaşdırdı. Bir tərəfdən güclü və peşəkar milli ordunun yaradılması, digər tərəfdən isə beynəlxalq hüquqa əsaslanan diplomatik mübarizənin aparılması əsas prioritetlərdən oldu. Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın gələcək qələbəsi üçün həm hərbi güc, həm də siyasi-diplomatik imkanlar düzgün şəkildə birləşdirilməlidir.1994-cü il mayın 4-də Heydər Əliyevin Brüsselə səfəri Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm hadisə oldu. Səfər zamanı NATO-nun mənzil-qərargahında “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədi imzalandı. Müharibənin davam etdiyi bir vaxtda ölkənin sabitliyə ehtiyacı var idi. Bu məqsədlə 1994-cü il mayın 8-də Qırğızıstanın paytaxtı Bişkekdə atəşkəslə bağlı sənəd imzalandı və mayın 12-dən etibarən cəbhə xəttində atəşkəs qüvvəyə mindi.Atəşkəsin əldə olunması Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı üçün yeni imkanlar yaratdı. Ölkədə sabitliyin təmin olunması ilə genişmiqyaslı quruculuq və inkişaf proseslərinə başlanıldı. Bu dövrün ən böyük tarixi hadisələrindən biri isə 1994-cü il sentyabrın 20-də “Gülüstan” Sarayında imzalanan “Əsrin müqaviləsi” oldu. Bu mühüm neft sazişi Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, xarici investisiyaların cəlb olunmasına və ölkənin beynəlxalq mövqelərinin güclənməsinə böyük töhfə verdi.Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkədə siyasi sabitlik yaradıldı, dövlətçiliyə qarşı yönəlmiş təhlükələrin qarşısı alındı. 1993-1995-ci illər Azərbaycan tarixində müstəqilliyin qorunması və dövlət əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan mərhələ hesab olunur.Bu illərdə Azərbaycanın xarici siyasətində də mühüm dəyişikliklər baş verdi. Ölkənin milli maraqlarına əsaslanan balanslı diplomatik xətt formalaşdırıldı. Region və dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərin qurulması Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə xidmət etdi. 1993-cü il sentyabrın 24-də Azərbaycan Respublikasının MDB-yə üzv olması da bu siyasətin mühüm addımlarından biri idi.Qafqaz regionunda mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri oldu. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı diplomatik fəaliyyət davam etdirildi, eyni zamanda Gürcüstanla münasibətlər daha da inkişaf etdirildi. 1996-cı ilin martında Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı imzalanan Azərbaycan-Gürcüstan Bəyannaməsi iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadı.Heydər Əliyev İranla münasibətlərin inkişafına da xüsusi diqqət yetirirdi. O, iki ölkə arasında əlaqələrin regional sabitlik və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini nəzərə alaraq qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə çalışırdı. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndirildi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi.1993-cü ildən etibarən Azərbaycan-ABŞ münasibətlərində də yeni mərhələ başladı. Heydər Əliyev beynəlxalq arenada Azərbaycanın mövqeyini müdafiə edərək ölkənin üzləşdiyi problemlərin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verirdi. ABŞ Prezidenti Bill Klintona ünvanladığı məktubda “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişin ədalətsizliyini əsaslandıraraq onun aradan qaldırılması üçün mühüm diplomatik təşəbbüslər göstərmişdi.Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycan diplomatiyasının əsas məqsədlərindən biri beynəlxalq hüquqa əsaslanan ədalətli mövqenin dünya ictimaiyyətinə çatdırılması idi. Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndi və gələcək qələbə üçün mühüm siyasi zəmin yarandı.Azərbaycanın sonrakı illərdə iqtisadi, siyasi və hərbi sahələrdə əldə etdiyi uğurlar nəticə etibarilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əsasını formalaşdırdı. Azərbaycan xalqı uzun illər davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi və dünya hərb tarixində mühüm yer tutan Böyük Zəfər qazandı.Bu möhtəşəm Qələbənin arxasında isə Heydər Əliyevin müəyyən etdiyi güclü dövlətçilik strategiyası, milli inkişaf modeli və uzaqgörən siyasət dayanırdı. Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yoluna işıq tutur və ölkənin gələcək uğurlarının mühüm dayaqlarından biri olaraq qalır.



