--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Prezident bir sıra qanunlarda dəyişiklik etdi – yeni qaydalar müəyyənləşdi

Aysel Əlibəyli 06 Noyabr 2026 · 09:12 1016 baxış

Azərbaycanda silahların əldə edilməsi, saxlanılması, satışı və ölkəyə gətirilməsi, eləcə də mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların tənzimlənməsi ilə bağlı normativ sənədlərə yeniliklər edilib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı il oktyabrın 13-də qəbul edilmiş 488-VIIQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar fərman imzalayıb. Sənəd noyabrın 5-də imzalanıb və bir sıra əvvəlki prezident fərmanlarına da dəyişiklikləri nəzərdə tutur.

Dəyişikliklər Mülki Məcəlləni, Gömrük Məcəlləsini, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunları əhatə edir.

Yeniliklərdən biri qanunvericilikdəki icazə terminologiyasının yenilənməsidir. Belə ki, bir sıra müddəalarda “xüsusi icazə” ifadəsi “icazə” sözü ilə əvəzlənib, bəzi maddələrdə isə “xüsusi” sözü çıxarılıb. Bu dəyişikliklər silahların əldə olunması, saxlanılması, daşınması, satışı və ölkəyə gətirilməsi ilə bağlı qaydalara da şamil edilir.

Fərmanda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı elektron məlumat mübadiləsinə dair yeni müddəalar da yer alıb. Müvafiq dövlət orqanları verdikləri, dayandırdıqları, bərpa etdikləri və ləğv etdikləri icazələr barədə məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində Dövlət Gömrük Komitəsinə göndərməlidirlər. Bunun mümkün olmadığı hallarda məlumatların üç iş günü ərzində ötürülməsi nəzərdə tutulur.

Digər yenilik xarici ölkələrdə qeydiyyatdan keçmiş ticarət iştirakçılarının Azərbaycan ərazisindən tranzit keçirdiyi məhdud dövriyyəli mallarla bağlıdır. Belə yüklərin daşınması müvafiq icazəsi olan dolayı gömrük təmsilçiləri vasitəsilə həyata keçirilə biləcək.

Sənədlə həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə icazə verən dövlət orqanlarının siyahısında və bu sahəni tənzimləyən əvvəlki fərmanlarda müvafiq terminoloji və hüquqi dəyişikliklər aparılır.

Prezident fərmanında Nazirlər Kabinetinə yeni qanundan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Douvikas Çempionlar Liqasının ən yaxşısı seçildi

Next Article

Dollar sabit qaldı, avro bahalaşdı – Məzənnələr

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Aysel Əlibəyli 07 Avqust 2026 · 13:12 1124 baxış Azərbaycan Respublikasında Media və Yayım Şurasının strukturu təsdiq edilib. Elpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 7-də Fərman imzalayıb.Fərmana əsasən, Media və Yayım […]

Prezident Qarabağda milli park yaradılması barədə Sərəncam imzaladı

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 16:40 1092 baxış Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətlərinin qorunması və ekosistemlərin bərpası istiqamətində yeni addım atılıb. Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Elpress.az xəbər […]