Bakıda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə cinayət işi başlanılıb, 37 nəfər həbs edilib.
Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bir qrup şəxs təhsil müəssisələrində çalışanlarla münaqişə yaradıb, məktəblərə zərər vurub, nəqliyyatın hərəkətinə və təhsil ocaqlarının normal fəaliyyətinə mane olmağa cəhd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak etməni nəzərdə tutan 233-cü maddəsi ilə cinayət işi açılıb.
Nazirlik görülən tədbirlərin ictimai asayişin qorunması, təhsil müəssisələrinin fəaliyyətinin pozulmasının qarşısının alınması, eləcə də şagird və müəllimlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini bildirib.
DİN qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb və ictimai təhlükəsizliyin qorunması istiqamətində tədbirlərin davam etdiriləcəyini açıqlayıb.


