Azərbaycanın sosial media məkanında ölkəyə qarşı koordinasiyalı informasiya kampaniyalarının aparıldığı bildirilir.
Elpress.az xəbər verir ki, Media və Yayım Şurası İran və Türkiyədən, xüsusilə “Telegram”, “TikTok” və “X” platformaları vasitəsilə həyata keçirildiyi iddia olunan məqsədyönlü informasiya hücumlarını pisləyib.
Şuranın açıqlamasında qeyd olunub ki, son günlər xaricdə fəaliyyət göstərən bəzi ictimai fəallar, siyasətçilər və rəsmi şəxslər Azərbaycana qarşı kampaniyalarda iştirak edirlər. Eyni mətnlərin, oxşar şərhlərin və ölkəyə aidiyyəti olmayan foto-video materialların yayılması koordinasiyalı fəaliyyətin əlamətləri kimi qiymətləndirilib.
Qurumun məlumatına görə, Azərbaycan dilində yaradılmış bir həştəq altında qısa müddətdə 400-dən çox paylaşımın edilməsi, eyni məzmunun müxtəlif hesablar vasitəsilə təkrar yayılması da diqqət çəkən məqamlardandır.
Açıqlamada anonim hesablar üzərindən yayılan təhqir və təhdidlərin, eləcə də vətəndaşları ictimai qaydanı pozmağa təşviq edən çağırışların hüquqi məsuliyyət yarada biləcəyi vurğulanıb.
Media və Yayım Şurası vətəndaşları, media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini təsdiqlənməmiş məlumatları yaymamağa, manipulyativ kampaniyalara qarşı diqqətli olmağa çağırıb.


