Oktyabrın 19-dan Bakıda bir sıra müntəzəm marşrutların dayanacaq məntəqələri və hərəkət sxemləri yenilənəcək. Dəyişikliklər əsasən “20 Yanvar” metrostansiyası və Şamaxinka ərazisini əhatə edir.
Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində Moskva prospektində, “14 saylı notariat ofisi”nin yaxınlığındakı dayanacaqdan çıxarılacaq.
114A və 114B nömrəli avtobuslara sərnişinlər “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, ADSEA binasının qarşısındakı başlanğıc dayanacaqda minə biləcəklər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad istiqamətində növbəti dayanacağı “Alov zavodu”nun qarşısında yerləşəcək.
500, 503 və 508 nömrəli marşrutlardan istifadə edənlər isə metronun Sumqayıt istiqamətindəki çıxışında, Moskva prospekti 6 ünvanında yerləşən dayanacaqdan minə biləcəklər. Həmin xətlərin növbəti dayanacağı da “Alov zavodu”nun qarşısında olacaq.
Bundan başqa, 156, 156A və 170 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. Hökməli və Binəqədi istiqamətində hərəkət Əli Tağızadə küçəsi ilə təşkil olunacaq. Bu avtobuslar Şamaxinkada, “Alov zavodu”nun qarşısındakı dayanacaqdan çıxarılacaq. Sərnişinlər həmin marşrutlara Əli Tağızadə küçəsində, 134 saylı poçt şöbəsinin yaxınlığındakı dayanacaqda minə biləcəklər.
Sumqayıta getmək istəyən sərnişinlərə Moskva prospekti 6 ünvanındakı və ya “Alov zavodu”nun qarşısındakı dayanacaqlardan istifadə etmək tövsiyə olunur. Pirəkəşkül və Müşfiqabad istiqamətinə gedənlər isə ADSEA binasının qarşısındakı və ya “Alov zavodu”nun yaxınlığındakı dayanacaqlara yönələ bilərlər.
Dəyişikliklərin məqsədi sərnişin axınını daha səmərəli idarə etmək, avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin dayanacaqlardan rahat istifadəsini təmin etməkdir.


