Azərbaycan və NATO arasında tərəfdaşlıq çərçivəsində keçirilən hərbi təlimin növbəti mərhələsi yekunlaşıb. Təlim zamanı hərbi bölmələrin hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.
Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü”nün üçüncü görüşü və birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.
Təlimi Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu izləyib. Əvvəlcə iştirakçılara ssenari, təhlükəsizlik qaydaları, qiymətləndirmə meyarları və qarşıya qoyulan məqsədlər barədə məlumat verilib, daha sonra praktiki tapşırıqlar yerinə yetirilib.
İzləyicilər bölmələrin fəaliyyətini, şəxsi heyətin hazırlığını, bilik və bacarıqlarını yüksək qiymətləndiriblər. Təlimin sonunda fərqlənən hərbi qulluqçulara sertifikatlar, fəxri fərmanlar və digər mükafatlar təqdim olunub.


