Minaların aşkarlanması üçün Azərbaycana xüsusi təlim keçmiş iki it gətiriləcək
Elpress.az xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin daha sürətli aradan qaldırılması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə minaaxtaran itlərdən istifadə ediləcək.“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sentyabrın 1-dən “Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” layihəsinin icrasına başlayır. Layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.Layihənin əsas məqsədi azad edilmiş ərazilərdə yeni mina hadisələrinin qarşısının alınması, həmçinin kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün təhlükəli sahələrin daha qısa müddətdə təmizlənməsinə dəstək verməkdir.Mütəxəssislərin fikrincə, xüsusi hazırlıq keçmiş itlər xüsusilə çətin relyefli, meşəlik və sıx bitki örtüyü ilə əhatə olunan ərazilərin yoxlanılmasında effektiv vasitədir. Belə sahələrdə metal detektorlarının müxtəlif metal qalıqlarına reaksiya verməsi iş prosesini çətinləşdirə və uzada bilər. Minaaxtaran itlər isə metal əvəzinə partlayıcı maddələrin qoxusunu müəyyən etdikləri üçün bu ərazilərdə daha çevik və dəqiq axtarış aparmağa imkan verir.Layihə çərçivəsində iki minaaxtaran itin alınması planlaşdırılır. Müvafiq beynəlxalq prosedurlardan keçirildikdən sonra itlərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı əməliyyatlara cəlb olunması nəzərdə tutulur.Layihənin həyata keçirilməsi nəticəsində minatəmizləmə imkanlarının genişləndirilməsi, təhlükəli ərazilərin daha operativ şəkildə təhlükəsizləşdirilməsi və azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin artırılması hədəflənir.


