Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisinə dronlarla hücum edilib. Hadisə nəticəsində gəmilərdən biri batıb, digərində isə yanğın baş verib.
Elpress.az xəbər verir ki, insident Varna vilayətinin Byala şəhərindən təxminən 80 mil məsafədə qeydə alınıb.
Hücuma məruz qalan gəmilərdən birinin Toqo, digərinin isə Palau bayrağı altında üzdüyü bildirilir. Yanğın baş verən gəminin 18 nəfərlik heyəti Bolqarıstan bayrağı altında üzən bərəyə təxliyə olunub.
Hadisədən sonra Bolqarıstanın baş naziri Rumen Radev dövlət qurumlarının iştirakı ilə təcili toplantı keçirib. Prezident İliyana Yotova isə insident səbəbindən Veliko Tırnovo şəhərinə planlaşdırılan səfərini təxirə salıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.


