Con Retkliffin Moskva səfərində Ukrayna müharibəsinin dayandırılması üçün üçtərəfli sammit ideyasını gündəmə gətirdiyi bildirilir
Elpress.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya gizli səfəri zamanı Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif etdiyi iddia olunur.“Axios”un iki mənbəyə istinadən yaydığı məlumata görə, Retkliff Moskva səfəri çərçivəsində Rusiya kəşfiyyat xidmətlərinin rəhbərləri Sergey Narışkin və Aleksandr Bortnikovla görüşüb. Danışıqların əsas məqsədlərindən birinin Moskvanın ABŞ vasitəçiliyi ilə Kiyevlə danışıqlara qayıtmağa hazır olub-olmadığını müəyyənləşdirmək olduğu bildirilir.ABŞ rəsmilərinin cümə günü Ukrayna Prezidenti Volodimir Zelenskiyə Retkliffin Moskvada apardığı görüşlər və üçtərəfli sammit təklifi barədə məlumat verdiyi qeyd olunur.Məlumata əsasən, Tramp administrasiyası daha əvvəl də Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə görüş keçirilməsi ideyasını irəli sürüb. Zelenski təklifə müsbət yanaşsa da, Putinin bu təşəbbüsü qəbul etmədiyi bildirilir.“The New York Times” isə Retkliffin Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşündə müharibənin gedişatı ilə bağlı pessimist qiymətləndirmə təqdim etdiyini və Moskvanı vəziyyət daha da ağırlaşmadan razılaşmaya nail olmağa çağırdığını yazıb.ABŞ Prezidenti Donald Tramp Retkliffin Moskva səfərini “standart iş” kimi qiymətləndirib. MKİ isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.


