Elpress.az xəbər verir ki, Sakit okeanda yerləşən Ficidə məhkəmə sübutu kimi saxlanılan kokainlə bağlı diqqətçəkən hadisə baş verib.
Məlumata görə, polis 2019-cu ildə keçirdiyi əməliyyat zamanı ümumilikdə 39 paket kokain müsadirə edib. Hər bir paketin çəkisinin təxminən 1 kiloqram olduğu bildirilib.
Narkotik maddələr məhkəmə sübutu kimi paytaxt Suvadakı Ali Məhkəmənin anbarında saxlanılıb. Lakin bu ilin əvvəlində paketlərdən yeddisinin yoxa çıxması araşdırmaya səbəb olub.
İstintaq zamanı anbarda qalan digər paketlər də yenidən ekspertizadan keçirilib. Araşdırmanın nəticəsində məlum olub ki, paketlərin içərisində kokain əvəzinə un var.
Maraqlıdır ki, yeddi il əvvəl aparılan ilkin yoxlama zamanı həmin maddələrin kokain olduğu təsdiqlənmişdi. Son ekspertiza isə paketlərin heç birində narkotik maddə aşkar etməyib.
Hazırda əsas sual məhkəmə sübutu kimi qorunan 39 paket narkotikin necə dəyişdirilməsi və bu prosesdə kimlərin iştirak etməsidir. Araşdırma çərçivəsində narkotiklərin mühafizə olunan anbardan hansı şəraitdə çıxarıldığı müəyyənləşdirilir.
Fici və Tonqa kimi Sakit okean adalarının Latın Amerikasından Avstraliyaya narkotik daşınması marşrutlarının üzərində yerləşdiyi bildirilir. Son illərdə həmin istiqamətdə metamfetamin qaçaqmalçılığının da artdığı qeyd olunur.


