Elpress.az xəbər verir ki, metroya girişin müvəqqəti olaraq ödənişsiz olacağı “Avtovağzal” və “Xocəsən” stansiyalarına sərnişinlərin daha rahat çatması üçün avtobus marşrutlarının hərəkətində dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, sözügedən metro stansiyaları müntəzəm avtobus marşrutları üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyənləşdirilib.Bakı-Sumqayıt yolundan paytaxta doğru hərəkət edən bir sıra avtobuslar “Avtovağzal” metro stansiyasının “Piramida” istiqamətində yerləşən hissəsində yaradılmış dayanacaqdan istifadə edəcək.Dayanacaq sərnişinlərin rahat şəkildə avtobus seçə bilməsi üçün üç hissəyə bölünüb və müvafiq nişanlarla işarələnib.Burada Sumqayıt və Ceyranbatan istiqamətindən gələn 500, 503 və 508, Xırdalanda fəaliyyət göstərən 119 və 135, Masazırdan gələn 142, 525A və 525B, Müşfiqabad istiqamətində hərəkət edən 114A və 114B, Hökməlidən gələn 156 və 156A, Sulutəpədən gələn 158, Çiçək qəsəbəsindən gələn 159, Binəqədidən gələn 170, eləcə də Biləcəri istiqamətindən hərəkət edən 83A nömrəli avtobuslar aralıq dayanacaqda saxlayacaq.Avtobusların dayanacaqdan sonra Bakı-Sumqayıt yoluna maneəsiz çıxışını təmin etmək məqsədilə ərazidə xüsusi hərəkət zolağı da yaradılıb.
Bundan başqa, Lökbatandan gələn 130 nömrəli və Xocəsən qəsəbəsi istiqamətindən hərəkət edən 102 nömrəli avtobuslar üçün aralıq dayanacaq kimi “Xocəsən” metro stansiyası müəyyən edilib.Yeni təşkilati tədbirlərin metro və avtobus nəqliyyatı arasında əlaqəni asanlaşdıracağı və sərnişin axınının daha rahat idarə olunmasına şərait yaradacağı gözlənilir.


