İtaliyanın paytaxtında Azərbaycanın üzləşdiyi mina təhlükəsinin humanitar nəticələrini əks etdirən fotosərgi təşkil olunub.
Elpress.az xəbər verir ki, oktyabrın 17-də keçirilən ekspozisiya “Gilavar Foto Klubu” İctimai Birliyinin Avropada həyata keçirdiyi “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.
Sərginin məqsədi mina təhlükəsinin mülki əhali üçün yaratdığı riskləri və problemin ağır nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Təqdim olunan fotolar işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların hələ də insanların həyatı üçün təhlükə yaratmasına diqqət yönəldib.
Roma ekspozisiyası kampaniyanın Avropada keçirilən silsilə tədbirlərinin davamıdır. Oktyabrın 5-dən etibarən Cenevrə, Brno, Lyublyana, Sarayevo, Zaqreb və Salzburqda da analoji sərgilər təşkil olunub.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA ilə tərəfdaşlıq çərçivəsində elan etdiyi 2026-cı il qrant müsabiqəsinin qalibi olan təşəbbüs əsasında həyata keçirilir.


