İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun mənimsəmə ittihamı üzrə dövlətə vurduğu ziyan tamamilə ödənilib.
Elpress.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ödənişi onun oğlu həyata keçirib.
Səmədov külli miqdarda, ümumilikdə 200 min manatın mənimsənilməsində ittiham olunur. Həmin məbləğin 44 min manatı ilkin istintaq mərhələsində qaytarılıb, qalan hissə isə bu gün ödənilib. Bundan əlavə, onun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi həcmində — 100 min manat dövlət rüsumu da ödəyib.
Qanunvericiliyə əsasən, mənimsəmə və dələduzluq kimi cinayətlər üzrə ziyanın və müvafiq dövlət rüsumunun tam ödənilməsi şəxsin cinayət məsuliyyətindən azad olunmasına imkan verə bilər. Bununla belə, qərar məhkəmənin səlahiyyətindədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində yaxın günlərdə iş üzrə hökmün elan olunacağı gözlənilir.
Xatırladaq ki, Saleh Səmədov ötən il 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı tədbirdə SSRİ bayrağı və “Georgi lenti” ilə görünməsindən sonra ictimai tənqidlərə məruz qalmışdı. Ardınca vəzifəsindən azad edilən keçmiş sədr barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən korrupsiya cinayətləri ilə bağlı araşdırma aparılıb. O, təxminən bir ildir həbsdədir.


