Elpress.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüş keçirib.
Görüş zamanı kardinal Azərbaycana son səfərini məmnunluqla xatırladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini və səfər çərçivəsində keçirdiyi görüşləri xüsusi əhəmiyyətli hadisə kimi qeyd edib.Kardinal dünyada müharibə, zorakılıq və nifrətin artdığı bir vaxtda Azərbaycanda müxtəlif dinlər arasında mövcud olan həmrəyliyin və qarşılıqlı hörmət mühitinin beynəlxalq ictimaiyyət üçün mühüm nümunə olduğunu vurğulayıb.Leyla Əliyeva isə qlobal miqyasda mürəkkəb proseslərin davam etdiyi bir dövrdə ölkələr və xalqlar arasında həmrəyliyin gücləndirilməsinin vacibliyinə diqqət çəkib. O, mədəniyyət, din və ümumbəşəri dəyərlər ətrafında dialoqun genişləndirilməsinin əhəmiyyətini qeyd edib.Tərəflər həmçinin Heydər Əliyev Fondunun Vatikan ərazisində həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparıblar.Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə proqramlar və əməkdaşlıq istiqamətləri də müzakirə olunub.


