Elpress.az-ın əməkdaşı Aysel Əlibəylinin rəssam Zöhrab Salam-zadeh ilə xüsusi müsahibəsi.
Sənət bəzən sözlərin ifadə edə bilmədiyini rənglərlə danışır. Hər tablonun arxasında bir həyat hekayəsi, hər fırça toxunuşunda isə bir duyğu gizlənir. Elpress.az olaraq bu dəfə yaradıcılığı ilə seçilən rəssam Zöhrab Salam-zadehlə həmsöhbət olduq. Onun sənətə baxışı, ilham mənbəyi, yaradıcılıq fəlsəfəsi və gələcək planları barədə səmimi söhbəti sizə təqdim edirik.
-Sizcə, rəssam yalnız gördüklərini kətana köçürür, yoxsa insanların görə bilmədiyi hissləri və duyğuları da əsərlərində ifadə edir? Sizin yaradıcılığınızda ən çox hansı duyğu öz əksini tapır?
Rəssam: Mənə görə, rəssamlıq həm gördüklərimizin təsvirində, həm də duyğularımıza aid ola bilər. Hər rəssama nəsə daha yaxındır və öz seçimini edir. Mənə gəldikdə isə düşünürəm ki, hər ikisindən nəsə var. Mənim üçün daha maraqlıdır süjetlər, hardasa əfsanəvi və sözsüz ki, duyğular ilə dolu. Duyğular əsərlərin canıdır.
–Bir əsəri yaratdığınız zaman ilk olaraq nə danışır: ağlınız, ürəyiniz, yoxsa həyat təcrübələriniz?
Rəssam: Məndə daha çox xəyali süjetlərdir, əfsanələr ilə dolu. Həm sevgi var orada, həm tarixi süjetlər var. Kimsə nağıllara oxşadır. Amma həyat təcrübəsinə aid şeylər yoxdur.
-Rəsm sizin üçün özünüifadə vasitəsidir, yoxsa cəmiyyətə verilən bir mesaj? Hansı mövzular sizi susmağa qoymur?
Rəssam: Mənim halımda özümü ifadədir. Mən çalışmıram rəsmlər ilə mesaj vermək. Bugünləri o qədər xəbərlər, gündəlik cəmiyyətə verilən mesajlar var ki, mənə görə incəsənət heç olmasa bir rahatlıq verməlidir, gözə xoş gəlməlidir. Adamın üstünə çox gəlməməlidir. İstəmərəm ki, hər zaman düşündürsün. Sözsüz ki, köhnə əsərlərdə mesajlar olan əsərlər çox idi, amma yenə də günü bu gün də göz oxşadır. Ortada bir balans olmalıdır.
-Müasir dövrdə süni intellekt və rəqəmsal sənət inkişaf edir. Sizcə, texnologiya rəssamın yerini tuta bilər, yoxsa insan ruhunun yaratdığı sənət həmişə fərqli qalacaq?
Rəssam: Xeyr. Bu barədə əminəm. Süni intellekt, rəqəmsal sənət sözsüz ki, olmalıdır. Bu, təbii inkişafdır. Onların arasında çox gözəlləri var və həmçinin zəifləri də. Onlar hamısı ələkdən keçəcək, yaxşıları qalacaq, inkişaf edəcək, amma əl sənəti hər zaman olduğu kimi qalacaq. Ola bilər ki, sənətkarlar azalsın. Təbii prosesdir. İndi aktyorlar da düşünür ki, süni intellektlə filmlər çıxacaq. İndi o keyfiyyətdə o aktyor oyununu əvəz edən yoxdur, amma olacaq. Lakin o demək deyil ki, teatr və kino sənəti tamamilə yox olacaq. Bu elə belə də olmalıdır. Evolüsiyadır, zəiflər itəcək, güclülər qalacaq. Sadəcə yeni sənətlər üzə çıxacaq, bu da çox gözəldir. Burada bir sual var: biz, yaxud konkret mən tarixdə qalacağam, ya yox. Onu da vaxt göstərəcək. Bu, yalnız özümdən asılıdır.
-Sənət dünyasında tənqid qaçılmazdır. Bir rəssam öz əsərinə verilən mənfi rəylə necə davranmalıdır?
Rəssam: Tənqid müxtəlif olur. Baxır tənqidə. Nəyi və necə tənqid edirlər. Biri var sənətdən uzaq adam tənqid edir. Ona qulaq asmaq olar, maraqlıdır insanın yanaşması. Dialoqa girmək olar, izah eləmək olar, bəlkə fikri dəyişdi. Biri var sənət adamıdır, acığa deyə bilər, pis rəy verə bilər. Burada sadəcə iqnor eləmək lazımdır. Variantlar çoxdur. Bəlkə elə tam səmimi tənqid olunur, düz söz deyilir. Yenə də rəssamı heç kim idarə etmir. Heç kim onu məcbur edə bilməz nəyi necə eləsin. Məncə, qulaq asmaq olar və bacardıqca öz bildiyini, lazım bildiyini eləməlisən. Bunu da yadda saxlamaq lazımdır ki, padşahın da dalınca danışırlar. Hamının xoşuna gəlmək mümkün deyil. Eyni zamanda da hər sənətçinin işini bəyənənlər də var.
-İlk əsərinizi xatırlayırsınızmı?
Rəssam: İlk sənətim, heç bilmirəm, hansıdır. Mən uşaq yaşından rəsmlər cızıram və haçan, hansı zamandan sənət adlandırmaq olar, onu bilmirəm. On il qabaq çəkdiyim, sənət saydığım iş bəlkə indi heç sənət adlandırmaq olmaz. Ona görə deyə bilərəm ki, ilk əsərimi xatırlamıram. Amma hər çəkdiyim yadımdadır.
-Sənət insanın ruhunu dəyişə bilərmi?
Rəssam: Bizi hər şey, hər zaman dəyişir: cəmiyyət, başımıza gələnlər, məşğul olduğumuz sənətlər. Ona görə məncə sənət insanın ruhunu dəyişir və ancaq müsbət tərəfə. Sən daha da diqqətli olursan, daha da duyğulu. Bəlkə gözəlliyə daha çox dəyər verməyə başlayırsan. Hətta gözəl olmayan, eybəcər işləri işləyən rəssamların bir çoxu o eybəcərlikdə bir ahəng və gözəllik tapırlar. Bu da çox incə və çox duyğulu məqamlardır. Ona görə bəli, sənət adamı dəyişir.
-Tənqidlər yaradıcılığınıza necə təsir edir?
Rəssam: Heç necə. Mən öz səhvlərimi də görürəm, düzünü də görürəm. Müzakirə edə bilirəm, amma tənqid mənə heç təsir etmir. Yoxsa indi rəssamlıq ilə məşğul olmazdım.
-Ən çətin çəkilən rəsm hansıdır: gözlə görünən, yoxsa ürəkdə qalan?
Rəssam: Heç biri çətin deyil. Ürəkdə qalan zatən ürəkdə qalır və sənətə çevrilmir. Gözlə görülən isə, çəkilən isə sadəcə ustalıqdır. Məncə, fikrində olanı olduğu kimi çəkmək gözəldir, amma çətin olub-olmadığını bilmirəm. Şəxsən mən o prosesdən həzz alıram.
-Gələcək nəsil sizi hansı əsərinizlə xatırlasın istəyərdiniz və sizcə, əsl sənət əsərini ölməz edən nədir?
Rəssam: Əsl sənəti ölməz edən onun ətrafında baş verəndir. Danışılması, müzakirəsi. Belə deyək, onu əfsanəyə çevirən eyni zamanda ustalığıdır. Çünki göz qabağındadır, gərək iş özü özünü qorusun daima. Hansıları isə qalacaq xatirələrdə, yaxud hansını istərdim ki, qalsın xatirələrdə, heç düşünmürəm. Məncə, hansı lazımdır, qalacaq. Kimin ürəyinə, qəlbinə hansı yaxındır, ona qalacaq. Mən istərdim ki, özümdən sonra işlərim layiq yerini tapsınlar. Bu qədər, nə az, nə çox.
Müsahibədən sonra oxuculara rəssam Zöhrab Salam-zadənin seçilmiş əsərlərini təqdim edirik. Ümid edirik ki, bu əsərlər müəllifin müsahibədə bölüşdüyü düşüncə və hissləri daha yaxından hiss etməyə imkan verəcək.








