Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tanıdılması və yerli nəşriyyatların beynəlxalq bazarlara çıxışı Frankfurt Beynəlxalq Kitab Sərgisində keçirilən görüşlərin əsas mövzularından olub.
Elpress.az xəbər verir ki, 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz ayrıca stendlə təmsil olunur.
Sərginin oktyabrın 8-də keçirilən tədbirləri çərçivəsində “Asiya” təqdimat səhnəsində “Avrasiya kitab bazarları” mövzusunda panel müzakirəsi təşkil edilib. Müzakirələrdə regionda, o cümlədən Azərbaycanda nəşriyyat sektorunun vəziyyəti, inkişaf imkanları və beynəlxalq əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Azərbaycan nümayəndə heyəti Norveç Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən NORLA ədəbiyyat təşkilatının rəhbərliyi ilə də görüş keçirib. Tərəflər ədəbi əlaqələrin inkişafı, əsərlərin tərcüməsi və nəşri sahəsində əməkdaşlıq, eləcə də Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə kimi iştirakı barədə fikir mübadiləsi aparıblar.
Frankfurt sərgisinin ilk iki günündə Azərbaycan stendində yerli nəşriyyatlarla xarici tərəfdaşlar arasında B2B formatlı işgüzar görüşlər də keçirilib. Görüşlərdə “Ağıllı bala”, “Everest”, MİMTA, “Ali və Nino”, “Libra” və “TEAS Press” nəşriyyatlarının nümayəndələri iştirak ediblər.
ABŞ, Türkiyə, İspaniya və Sloveniyadan olan nəşriyyat təmsilçiləri ilə aparılan danışıqlarda müəllif hüquqları, Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi və yerli nəşrlərin beynəlxalq bazarlarda yayılması imkanları müzakirə olunub. Görüşlərdə “Capstone Publishers”, “TÜBİTAK Popüler Bilim Yayınları”, “Elma Yayınevi”, “Timaş Yayınları”, “Grupo Editorial Sargantana”, “Cuentos con valores” və “Mladinska knjiga” kimi nəşriyyatlar təmsil olunub.
Frankfurtda keçirilən görüşlər Azərbaycan nəşriyyatlarının xarici tərəfdaşlarla əlaqələrinin qurulması, yerli müəlliflərin əsərlərinin yeni oxucu auditoriyalarına çatdırılması və milli ədəbiyyatın beynəlxalq səviyyədə tanıdılması üçün imkanlar yaradır.


