Almaniyanın keçmiş kəşfiyyat rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanın adının hallandırılması rəsmi Bakıda narazılıq doğurub. Azərbaycan Media və Yayım Şurası yayılan məlumatları əsassız və dezinformasiya xarakterli hesab edib.
Elpress.az xəbər verir ki, Şuranın açıqlamasında Almaniyanın “Der Spiegel” nəşrində dərc olunan və daha sonra bir sıra beynəlxalq media orqanlarında yayılan iddiaların Azərbaycanı istintaq işi ilə əlaqələndirdiyi bildirilib.
Qurumun mövqeyinə görə, rəsmi mənbələrlə təsdiqlənməyən məlumatların geniş auditoriyaya fakt kimi təqdim olunması informasiya manipulyasiyasıdır. Şura hesab edir ki, bu cür materiallar Azərbaycanla Almaniya arasında son dövrlərdə inkişaf edən münasibətlərə xələl gətirə bilər.
Açıqlamada beynəlxalq media qurumlarına dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə əməl etmək çağırışı da yer alıb. Şura həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiyasına qarşı çıxıb.
Qeyd edək ki, 1998–2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) rəhbərlik etmiş August Hanningin həbs olunduğu bildirilir. “Der Spiegel”in araşdırmasında onun Azərbaycan kəşfiyyatı üçün təhlil hazırlamış ola biləcəyi iddia edilib. Bu məlumatın özü təsdiqlənmiş fakt kimi deyil, media iddiası kimi qiymətləndirilməlidir.


