“İrşad Electronics” şirkətinin korporativ satış şöbəsinin keçmiş rəhbəri Ruslan Hüseynov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayır. O, dələduzluq və vəzifə saxtakarlığında ittiham olunur.
Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ruslan Hüseynov təxminən bir ay əvvəl məsələ ilə bağlı mediaya müraciət edərək şirkət tərəfindən əsassız ittihamlarla üzləşdiyini bildirmişdi. Onun sözlərinə görə, müştərilərdən birinin aldığı məhsulun pulunu ödəməməsi nəticəsində şirkət ona 240 min manat məbləğində maddi ziyan dəydiyini bildirib.
Hüseynovun vəkili Vüqar Əliyev isə bildirib ki, müdafiə tərəfi irəli sürülən ittihamları qəbul etmir. Vəkilin sözlərinə görə, prokurorluq müvəkkilinə eyni gündə ittiham elan edib və ibtidai istintaqı yekunlaşdırıb. Daha sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müdafiə tərəfi ilk məhkəmə iclasında prosessual pozuntularla bağlı vəsatət qaldıraraq işin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılmasını tələb etməyi planlaşdırır.
Cinayət işinə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclasının bu ayın 15-də keçirilməsi nəzərdə tutulur.
İttihamlar məhkəmədə sübuta yetirilərsə, Ruslan Hüseynovu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.


